AzVision.az-ın Analitik Qrupu

Tarixin “arxa bağçası”ndakı çiçəklər | Lonqrid

// Türklərin sivilizasiyanın inkişafına verdikləri töhfələr düzgün qiymətləndirilmir

D

ünya tarixşünaslığının olduqca ədalətsiz yanaşdığı bir millət var. Onun keçmişi haqqında sadəcə “köçəri olub” deyərək əl yelləyir, bəşəriyyətin inkişafına heç bir töhfə vermədiyini iddia edirlər. “At belində mədəniyyət yaradılmaz”, “çöldə elm inkişaf etdirilməz” deyə, onun sivilizasiyanın inkişafına verdiyi böyük töhfələri danırlar. Bu haqsızlıq uzun müddətdir davam edir. Artıq vəziyyət dəyişməli, dünya türkləri olduğu kimi tanımalıdır.

Əgər at belində mədəniyyət yaradılmazsa, at belində dövlət də qurmaq olmaz. Tutmaq olar, fəth etmək olar, amma qurmaq yox. Elə isə 17 böyük imperiyanı və ümumilikdə  irili-xırdalı 200-ə yaxın dövləti yaradan millət “həyatı at üstündə” keçən köçərilərdən ibarət ola bilməzdi. Öz tarixində bu qədər böyük dövlətlər yaradan ikinci millət Yer üzündə yoxdur.

At belində qurulan dünya

“Ömrü at belində keçən…” remarkına cavab olaraq deyək ki, əksər alimlərin fikrincə, atı ilk dəfə məhz türklər əhliləşdiriblər. Bu, sivilizasiyanın inkişafında təkərin ixtirası qədər olmasa da, hər halda, son dərəcə vacib bir sıçrayış idi. Çünki ilk dəfə atın əhliləşdirilməsilə bəşəriyyət sürət məfhumu ilə tanış oldu. Buna qədər hər şey ləng idi – hərəkət də, fikir də… Yəni bəşəriyyət sürəti ram etdiyinə görə ilk növbədə türklərə borclu olmalıdır.

“Dünya tarixçiləri tərəfindən türklər üçün səciyyəvi olaraq daha çox döyüş ruhu, hərbi şücaət qeyd edilir. Türklərin intellektual gücündən və elmi xidmətlərindən az bəhs olunur. Halbuki, türklərin sözü, fikri, hikməti, bəşər sivilizasiyasındakı rolu danılmazdır” . Bu sözləri AzVision.az-a müsahibəsində fəlsəfə elmləri doktoru, türkoloq, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun şöbə müdiri Roida Rzayeva deyib.


Qərb tarixçiləri nəyə görəsə anlamaq istəmirlər ki, böyük fəthləri, qurulan imperiyaları sadəcə, köçəriliyin və kobud gücün ayağına yazmaq mümkün deyil. Türklər çox vaxt sivilizasiyaları dağırdan qüvvə kimi göstərilirlər. Bununla bağlı müxtəlif stereotiplər geniş yayılıb. Təəssüf ki, əksər hallarda türk tarixçiləri də bu tələyə düşür, yalnız əcdadlarının döyüşkənliyinə, gücünə, igidliyinə diqqət yetirirlər. Halbuki çox vacib bir məqamı unutmaq olmaz: müharibə aparmaq təşkilati baxımdan müstəsna dərəcədə mürəkkəb məsələdir.

- Döyüşçülərin igidliyi vacib komponentdir, lakin həlledici deyil. Döyüş meydanında qalib gəlmək, alınmaz qalaları olan bir ölkəni fəth etmək üçün nizam-intizamlı və təlim keçmiş ordu, bacarıqlı və istedadlı sərkərdələr lazımdır, çoxlu silah-sursat, təchizat, rabitə məsələləri həll olunmalıdır. Diplomatiya üçüncü ölkələrin dəstəyini və ya heç olmasa neytrallığını təmin etməlidir. Bir sözlə, uğurlu müharibələri ancaq yüksək effektiv dövlət aparatı olan güclər apara bilər. Türk xalqları tarixdə belə dövlətlər qurmaq bacarığını dəfələrlə nümayiş etdiriblər və onların təcrübəsini başqa ölkələr də fəal şəkildə mənimsəyiblər,- deyə qazaxıstanlı tarixçi, “Aspandau” Elm və Təhsil Fondunun idarə heyətinin üzvü Radik Temirqaliyev “AzVision” ilə söhbətində bildirib.

Onun sözlərinə görə, türk dövlətlərinin siyasi qüdrəti hər zaman iqtisadi rifah üzərində qurulub. Məsələn, Qazaxıstan ərazisində şəhər mədəniyyətinin çiçəklənməsi türk xaqanlıqları dövrünə təsadüf edir. Xarəzmin sürətli yüksəlişi və şəhər sivilizasiyasının intensiv inkişafı bu dövlətin başına türk sülaləsi keçdikdən sonra, XI-XII əsrlərdə gerçəkləşib.

Əgər 15-ci əsrin ortalarında Konstantinopolda 80 minə yaxın insan yaşayırdısa, Osmanlılar onu fəth edib, adını “İstanbul” qoyduqdan sonra qısa müddət ərzində şəhərin əhalisi 700 min nəfərə çatdı. Yəni türklər tarixi səhnədə “barbar” və “dağıdıcı” deyil, yaradıcı rolunu oynayıb, geniş bölgələrin iqtisadi inkişafına yeni təkanlar veriblər.

Türklər tarixən sivilizasiyalar arasında birləşdirici rol oynayıblar. “İpək yolu” buna şahiddir

Türk dövlətlərinin Şərqlə Qərbin minilliklər boyu davam edən əlaqəsini təmin etməsi isə onların sivilizasiyanın inkişafına göstərdikləri müstəsna xidmətlərdən biridir. Məhz türklərin yaşadıqları torpaqlardan keçən Böyük İpək Yolu ilə aparılan ticarət böyük coğrafi kəşflər dövrünə qədər Avropanın inkişafı üçün iqtisadi bazanı yaradan faktorlardan biri olub.

Köçəriliyin dərin qatı


Türkləri anlamaq üçün “köçərilik” anlayışını düzgün başa düşmək lazımdır. Köçərilik o demək deyil ki, bu gün mal-qara burada otu yeyib qurtardısa, sabah şələ-küləmizi yığıb, sürünü qabağımıza qataraq, başqa yerə köçəcəyik. Bəli, gülməli də olsa, köçəriliyi çox vaxt məhz belə təqdim edirlər. Halbuki, köçəri həyat tərzinin dərin fəlsəfəsi var, onu anlamaq, duymaq lazımdır.

Türklərin formalaşdığı Böyük Çöl – Avrasiyanın ürəyidir. Burada dünya tarixini dəyişən sərkərdələr, alimlər yetişiblər. Böyük Çöl özünün nəhəngliyi ilə insana meydan oxuyur, onu atını üfüqə doğru çapmağa, daim irəli getməyə səsləyir. “Türkün məzarı atının yarmasındadır” məsəli boş yerə yaranmayıb.

Böyük Çöl – Avrasiyanın ürəyidir

Sonradan Avropa xalqlarının inkişafında Okean hansı rolu oynayıbsa, türklər üçün də Böyük Çöl bax, o idi. O, Türkün okeandır; Türk orada üfüqə - yerlə göyün birləşdiyi məchul xəttə çatmaq niyyətilə atını irəliyə çapa-çapa formalaşıb, dünyagörüşü yetkinləşib. Avropa sivilizasiyasının inkişafında orta əsrlərin sonunda gəmilər hansı rolu oynayıblarsa, Türk sivilizasiyası üçün atlar eyni funksiyanı yerinə yetirib.

Köçəri türklər oturaq kənd təsərrüfatı cəmiyyətlərində hakimiyyət institutlarının formalaşmasına köklü təsir göstəriblər. Onlarla təmasda olan xalqların təsərrüfatına ev heyvanları daxil olub, qida rasionu keyfiyyətcə dəyişib, zülallı qidaların rolu artırıb.

Rusiyalı türkoloq Sergey Semyonoviç Kristioqlo AzVision.az-a yazdığı məqalədə göstərir ki, köçəri sivilizasiyanın sirli ruhunu anlamaq üçün türklərin runik yazısına baxmaq lazımdır. Runlar xüsusi bir əlifbanın elementləridirlər, amma adi hərflərdən fərqli olaraq, kommunikativ funksiyadan əlavə, sakral bilik daşıyıcısı rolunu da oynayıblar. Runlar bir növ sanki həm ağlın, həm də ruhun əlifbasıdır. Türk runlarını həm soldan sağa, həm də sağdan sola oxumaq olar. Onların tarixi çox qədimdir və şübhəsiz ki, sonrakı türk yazısının əsasını qoyan ilk hərflər olublar.

Çingiz Aytmatov adına “Beynəlxalq İssık-Kul Forumu”nun vitse-prezidenti Dinara Jumabayeva AzVision.az üçün xüsusi olaraq çəkdiyi videokastda deyir ki, prototürklərin bütün bu bacarıqları öz dövləri üçün inqilabi idi.

Dinara Jumabayeva: “Elmi və tarixi ədalət naminə türklərin Avropa sivilizasiyasının inkişafına verdiyi töhfəni bilmək lazımdır”

- O dövrdə o məkandakı sivilizasiyanın əsas dəyəri hansısa piramida, yaxud böyük divarın tikilməsi deyil, geniş insan kütlələrini ətraf aləmi çox yaxşı bilən, inkişaf etmiş köçəri icmalar halında təşkil etmək bacarığı idi. Bütün bunlar digər xalqlarla müqayisədə kifayət qədər mükəmməl və sabit bir dilin daha erkən formalaşmasına səbəb oldu. Avropa ilə Asiyanın ortasında olan köçərilər bir növ müxtəlif sivilizasiyaları, mədəniyyətləri, xalqları birləşdirən katalizatora, körpüyə çevrildilər,- xanım Jumbayeva vurğulayıb.

Göründüyü kimi, qarşımızda ənənəvi Qərb sivilizasiyalarından fərqli bir dünya var. Türk dünyası öz əməlləri və fəthləri ilə bəşər tarixinin inkişaf vektorunu dəfələrlə dəyişib. Dünyada ilk dövlət rəmzləri və işarələri, eləcə də siyasi terminlər birinci dəfə Çöldə yaranıb. İlk dəfə metaldan silah hazırlayan da türklər olublar. Beləliklə, türklərin müasir Avropa və dünya mədəniyyətinin yaranmasına, inkişafına həlledici təsir göstərdiyini söyləmək üçün bütün əsaslar var.

Türkiyəli tarixçi, Qars-Qafqaz Universitetinin Siyasi Elmlər və Beynəlxalq Əlaqələr kafedrasının müdiri Elnur Həsən Mikayıl köşə yazısında qeyd edir ki, türklər ən çox Xəzər dənizi ətrafında məskunlaşdıqları dövrdə inkişaf və təkamül ediblər. Əsrlər boyunca Xəzər dənizinin səviyyəsinin müəyyən dövriliklə qalxıb-enməsi türklərin böyük dövlətlər yaratmasına səbəb olub.

“Yabanı” demokratiya


Müasir avrosentrist dünyada demokratiya bir qayda olaraq, Qərb siyasi fikrinin nailiyyəti hesab olunur. Halbuki, onun ayrı-ayrı elementlərini qədim türk cəmiyyətlərində açıq görmək mümkündür. Məsələn, qanunun aliliyi prinsipi türklərdə “törə” anlayışı şəklində lap qədim dövrlərdən var idi. Xaqanın hakimiyyəti mütləq olsa da, o, “törə”nin qoyduğu qaydaları poza bilməzdi. Xaqanın özünün “törə” yaratmaq hüququ isə “toy” deyilən bir quruluş – qurultayla məhdudlaşdırılırdı. Qədim türklərdə “toy” – müasir parlamentarizmin rüşeymi sayıla bilər. Bu, artıq formalaşmış və müəyyən protokolları olan dövlətçilik münasibətləri idi.

AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, türkoloq Namiq Məmmədov AzVision.az-ın videokastında deyir ki, qədim türklərdə humanizm əsas dəyərlərdən biri olub. Türklərin formalaşdığı cəmiyyətə diqqət yetirsək,  onlarda “sinif” anlayışının olmadığını görərik. Yəni sonradan feodalizm və yaxud, kapitalizm quruluşlarında olduğu kimi xalq təbəqələrə bölünmür. Ruhanilər zümrəsi olmayıb. Ümumiyyətlə, "zümrə" anlayışını görmürük. Hamı bərabər idi. Hökmdarın funksiyalarından biri “bərabərlik” anlayışının qorunması olub.

Namiq Məmmədov: “Müasir demokratiyanın bəzi prinsipləri türklərdə lap qədim dövrlərdən olub”

Avropanın türklərdən əvvəlki tarixində, məsələn, Roma və antik yunan sivilizasiyaları dönəmində qullar cəmiyyətin iqtisadi sisteminin əsasını təşkli edirdi. Qullar - əzilən bir kütlədir, heç bir hüququ olmur  və onlarla insan kimi davranılmırdı. Türklərin isə nə özündə quldarlıq münasibəti olub, nə də yayıldıqları yerlərdə. Onlar hər hansı bir ərazini tutanda orada yaşayan xalqın sadəcə, tabe olmağını istəyirdilər. Türklərdə “tabe olmaq” anlayışı müəyyən nizamı formalaşdırmağı nəzərdə tuturdu. Ən pis halda oradan vergi alırdılar. Həmin xalqlar öz işlərilə məşğul olur, öz həyat tərzlərini saxlayırdılar. İnsana hümanizm mövqeyindən yanaşılırdı. Hətta tabe olanların qorunmasını da türklər öz üzərlərinə götürürdülər.

Türk atlarının belində daşınan bu siyasi dünyagörüşü Avropanın quldarlıqdan yeni bir iqtisadi-siyasi formasiyaya keçməsinə təkan verdi. Məhz türklərin gəlişindən sonra Avropanın quldarlıq sistemi feodal ictimai münasibətlərilə əvəz olunmağa başladı ki, bu da irəliyə atılmış bir addım idi.

Sivilizasiyanın mühafizəçiləri

VII əsrdə türklər İslam mədəniyyətinin tərkibinə daxil oldular. Bu, ona görə asan baş verdi ki, onsuz da türklər həmin mədəniyyətin daşıyıcıları idilər, onların ictimai şüurunda həmin dəyərlər var idi. VIII əsrdən sonra İslamın yayılması artıq türk xalqlarının adı ilə bağlıdır. Onun orta əsrlərdəki inkişafı və qlobal din kimi dünyaya yayılması birbaşa türklərin xidmətidir.

Bu haqda danışanda vacib bir nüansı vurğulamaq lazımdır. XV-XVI əsrlərdə Avropada başlayan intibah ilə tarixin yeni səhifəsi çevrilir: orta əsrlər bitir, yeni dövr başlayır. “İntibah” – oyanma, dirilmə deməkdir. Bəs oyanan və dirilən nədir? Xristianlığaqədərki Avropa mədəniyyəti – yəni Qədim Yunan və Roma irsi.

Romanın süqutundan sonra Avropada başlayan qaranlıq dövrdə (o, Qərb tarixşünaslığında elə rəsmən belə də adlanır: “Dark ages”) həmin zəngin elm və mədəniyyət tamamilə itirilmişdi. Bunu qaranlıq dövrlərdə Avropada yaradılan manuskriptlərin (əlyazmaların) sayından da görmək olar. 600-700 il ərzində Qərbi Avropada faktik olaraq bilik istehsal etmək və yaymaq işi tamamilə dayanmışdı.

Avropa qaranlığa qərq olanda onun klassik irsini türk alimləri inkişaf etdirirdilər

Amma Avropanın bəxtindən, həm dövrdə yunan və roma irsinə böyük maraq göstərən yeni sivilizasiya baş qaldırır. Gənc ərəb xilafəti sürətlə genişləndikcə ona yeni əraziləri idarə etmək üçün həndəsə, riyaziyyat, astronomiya, coğrafiya kimi elmlərin inkişafı lazım idi. Eyni zamanda, İslam dininin bir fəlsəfi təlim kimi inkişafı və öz ilahiyyat məktəblərinin yaradılması bədəvi mədəniyyətinin bünövrəsində gedə bilməzdi. Buna görə də qədim yunan filosoflarının əsərləri tərcümə edilir, araşdırılır, öyrənilir və üzərində yeni İslam fəlsəfəsi qurulur. Beləcə, Ərəstun (Aristotel), Əflatun (Platon), Bətləmus (Ptolomey) və digərləri Müsəlman Şərqində yeni həyatlarına başlayırlar.

Sonrası daha maraqlıdır. 12-ci əsrdən xilafət Çindən tutmuş, Ön Asiyaya qədər böyük ərazidə həlledici gücə çevrilən türklərə keçir. Avropanın klassik mirasını da onlar inkişaf etdirməyə başlayırlar. Avropa ayılıb, intibaha başlayanda qədim yunan və roma irsini artıq müsəlman alimlərinin əsərlərindən öyrənəcəkdi. Onların arasında isə əksəriyyəti türklər idilər.

“Türklərin elmi” və “müsəlmanların elmi” anlayışlarının arasından ayırıcı xətt çəkmək mümkün deyil

Daha doğrusu, burada dəqiq ayırıcı xətt çəkmək mümkün deyil, çünki o dövrdə insanları özlərini milli yox, dini kimliklə identifikasiya edirdilər. Yəni “türk alimi” yox, “müsəlman alimi” anlayışı vardı. Elmin dili ərəb, ədəbiyyatın dili fars, sadə ünsiyyətin dili türk dili idi. Məhz ona görə məsələn, İran alimləri Nizaminin kimə mənsub olması haqda mübahisələri hələ də davam etdirirlər. Halbuki, elmi və müdrikliyi ilə humanizmin simvoluna çevrilən Mövlanə açıq şəkildə “Aslen Türkest eğerçi Hindu guyem” (Hər nə qədər farsca söyləsəm də, əslim türkdür) deyirdi. Yəni hansı dildə yazmağın heç bir fərqi yox idi.

Bu cür mübahisələri qırağa qoyub, geniş mənada yanaşsaq, 11-12-ci əsrlərdən başlayaraq, İslam sivilizasiyası artrıq Türk nişanının altında inkişaf edirdi. Bunu danmaq mümkün deyil. Dolayısı ilə həmin dövrdən başlayaraq islam aləmindəki elmi və mədəni inkişaf da əsasən türklərin dünya sivilizasiyasına töhfəsi sayılmalıdır.

Elmin türk kəhkəşanı

Özbəkistan Respublikasının Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun böyük elmi işçisi Ravşan Nəzərov AzVision.az-a müsahibəsində təsdiqləyir ki, bütövlükdə türklərin yetişdirdiyi böyük elm və mədəniyyət xadimlərindən danışsaq, çox geniş siyahı alınar. Buna görə də yalnız öz regionlarının - Orta Asiyanın dünyaya bəxş etdiyi görkəmli şəxsiyyətləri sadalayır (Siyahı ilə bu materialda tanış ola bilərsiniz).

9-14-cü əsrlər türklərin fəal iştirakı ilə “islam intibahı” dövrüdür. Əgər konkret adlardan danışası olsaq, həqiqətən də bunun üçün bir neçə cildlik  kitab yazmaq lazımdır. Amma bəzi açar məqamların üzərində dayanmadan keçmək də olmaz.

 Atomun varlığını hələ qədim yunan mütəfəkkirləri söyləyirdilər. Düzdür, onların nəzərdə tutduqları atom (dünyanı əmələ gətirən ən xırda zərrəciklər) bugünkü kvant mexanikasının təsvir etdiyi atomla eyni anlayış deyil. Bununla belə, 8-ci əsrin türk mütəfəkkiri Cabir bin Həyyan (721-805, Anadolu) həmin diskursa qoşularaq, “ən kiçik zərrə”nin parçalanacağı halda nələrin ola biləcəyi haqda fikir yürütməyə çalışırdı. Bu, olduqca cəsarətli və böyük ideya idi!
O, həmçinin antik fəlsəfənin təbiəti “od, su, hava, torpaq” kimi dörd ünsürə bölməsini yanlış sayaraq, “uçucu maddələr”, “uçucu olmayan maddələr”,  “yanmayan maddələr” və “minerallar” bölgüsünü təklif etmişdi. Əlbəttə, müasir kimya nöqteyi-nəzərindən baxanda bu təsnifat da təbəssüm doğurur, amma diqqət edin ki, Cabir artıq qazların ayrı maddə olduğunu başa düşmüşdü. Yəni Lavuazye özünün bu haqda fikirlərinə piyada yox, “böyüklərin çiynində” gəlib.

 Antik filosoflarla qiyabi mübahisəyə girişmək türk mütəfəkkirləri üçün tipik yanaşma idi. Əbu Reyhan Əl Biruni (973-1051) Ərəstun və Bətləmusun Yer haqqında fikirlərinə qarşı çıxaraq, dünyanın kürə şəklində olduğunu başa düşmüşdü. Hətta Yerin səthini də ölçmüşdü. Onun elmə verdiyi töhfələr çox böyükdür.

Əl-Biruninin əsərlərində Ay tutulmasının izahı

Biruni 973-cü ildə yazırdı ki, “elmi fikirlər təcrübələrlə sübuta yetirilməlidir”. Buna qədər “sübut” deyəndə klassik əsərlərdən iqtibasların gətirilməsi nəzərdə tutulurdu. Avropada alimlər atın neçə dişinin olmasına dair Aristotelin əsərlərindən iqtibaslar gətirir, amma çıxıb həyətdəki atın dişlərini saymırdılar, çünki bu, qeyri-elmi metod sayılırdı. Əl-Biruninin bizə görə ən böyük xidməti elmə praqmatizmi gətirməsidir. Avropa bunu 5-6 əsr sonra öyrənəcəkdi.

 “Biz necə görürük?” sualına Evklid və Ptolemey belə cavab verirdilər ki, insanın gözündən gizli şüalar çıxıb əşyalara dəyir və geri qayıdır. Bunun səhv olduğunu göstərən Əbül Vəfa izah edir ki, işıq əşyalardan əks olunaraq, gözümüzə, oradan isə beynimizə çatır. Triqonometriyaya sinus, kosinus, tangens, kotangens anlayışlarını qazandıran da məhz odur. Optikadan söz düşmüşkən, bu sahənin nəhəngi İbn Heysəmin əsərlərindən sonralar Qaliley teleskopu düzəldərkən faydalanıb.   

 Diyabəkirli ixtiraçı Əl-Cəziri dövrünün böyük mexaniki və mühəndisi idi. XIII əsrin əvvəlində o, saatlar, şifrəli açarlar, hətta primitiv mexaniki robotlar düzəltməkdən əlavə, bu haqda kitab da yazmışdı. Onun əsərlərində Dekart və Leybnitsdən xeyli əvvəl kibernetikanın ilkin izləri görünür.

 Orta Asiyanın dahi övladı, Qərbdə “Al Gharasmus” adı ilə tanınan Xarəzmi (780-850) Bağdadda qurduğu “Elm Evi”ndə (təxminən müasir akademiyaların prototipi) müasir elmin maşınının işə düşməsi üçün çox vacib bir islahat apardı. Diqqət edin: qədim Yunanıstanda və Romada riyaziyyat inkişaf edə bilmədiyindən, təbiət elmlərinin də güclənməsi dar çərçivədə gedirdi. Çünki müəyyən həddən sonra istənilən elmin inkişafı üçün riyazi aparat tələb olunur. Riyaziyyatın özünün güclənməsi üçün əlverişli say sistemi və rəqəmlər vacibdir. Roma rəqəmləri ilə riyaziyyat yaratmaq mümkün deyildi. Kim bilir, əgər Xarəzmi bu problem həll etməsə, Avropanın elmi intibahı hələ neçə əsr gecikəcəkdi… O, hind rəqəmlərinə sıfırı əlavə etməklə hazırda istifadə etdiyimiz onluq say sistemini yaradır və bununla da riyaziyyatın inkişafı üçün əngəllər aradan qalxır. Xarəzminin “Əl-Cəbr” kitabının 12-cı əsrdə “Al Gebra” adı ilə latın dilinə tərcümə olunandan sonra Avropada yayılması elm tarixindəki ən vacib hadisələrdən biridir.

Elm bugünkü inkişafına görə Xarəzminin cəbri yaratmasına borcludur

 Səmərqənd rəsədxanasının rəhbəri Əli Quşçu Ağqoyunlu dövlətinin elçisi kimi sülh danışıqları aparmaq məqsədilə İstanbula getmişdi. Orada Fateh Sultan Mehmet tərəfindən çox yüksək qiymətləndirilir və Ayasofya mədrəsəsinə müdir təyin edilir. Onun Osmanlı təhsil sistemində apardığı islahatların nəticəsində elm tarxinə həkk olunan xeyli isimlər yetişir.
 Bu fakt onu göstərir ki, Türk sivilizasiyası, elmi və mədəniyyəti haqqında bir tam kimi danışmaq daha doğrudur. Bugünkü Özbəkistanın alimi bugünkü Azərbaycanı təmsil etmək üçün bugünkü Türkiyəyə gedirsə, arada heç bir ayırıcı xətt çəkmək mümkün deyil.
Əli Quşçu İstanbulda çalışarkən bəzi göy cisimlərinin Yerdən məsafəsini, Yer oxunun mailliyini hesablamış, Ayın xəritəsini çəkmişdi. Bu gün Ayın səthindəki obyektlərdən biri onun adını daşıyır.

Yeri gəlmişkən, Ayın səthinin müasir xəritəsi Türk elminin öz intibahı dövründə göyə necə ucaldığını görmək üçün əla vəsaitdir. Ayın xəritəsində Nəsirəddin Tusinin, Uluğbəyin, İbn Sinanın, Biruninin, Fərqaninin, Bəttaninin, Sabit bin Kurranın və digərlərinin adları var.

 Ümumiyyətlə, Səmərqənd rəsədxanasının türk, islam və dünya elminə töhfələri böyükolub. Əmir Teymurun nəvəsi Uluğbəyin ‘Zic-i Uluğ Bəy’ (Uluğ Bəyin Uldız Kataloqu) əsəri dövrünün ən mükəmməl astronomik ölçmə və müşahidələrindən ibarət olmaqla, Avropada səma elminin inkişafına böyük təkan vermişdi.

• İbn-Sina (980-1037) Qərbdə ən çox tanınan türk-müsəlman elm adamlarındandır. Onun “Əl-Qanun fit-Tibb” (Tibbin qanunları) kitabı 19-cu əsrə qədər Avropa universitetlərində dərs vəsaiti olub və “Tibbin Bibliyası” adlanıb.

Adları və xidmətləri bu cür saya-saya minlərlə səhifə yazmaq olar. Ona görə də, dayanaq və məsələnin mahiyyətinə qayıdaq.

Avrosentrizmin haqsızlığı

Reallıq budur ki, mərkəzi Avrasiyanın geniş çöllərində yaranmış türk sivilizasiyasının bəşər tarixinə verdiyi töhfələr ən azından Çin, Hindistan, Avropa və digər sivilizasiyalar qədər böyükdür. Amma “avrosentrik yanaşmalar ucbatından Türk xalqlarının şanlı tarixi haqsız yerə dünya sivilizasiyasının arxa bağçasına salınıb”. Bu sözləri AzVision.az-a müsahibəsində Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyinin Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, politoloq Yerkin Baydarov deyib. O bildirib ki, bu gün tarixin obyektiv təhlili, türk xalqlarının dünya tarixində real yerini və rolunu müəyyən etmək lazımdır, buna imkan da var.

Hazırda Türk dövlətlərinin elm adamları səylərini birləşdirərək, dünya tarixşünaslığında türklərin yeri və rolu haqqındakı ənənəvi şablon və haqsız təsəvvürlərin dəyişməsinə nail olmaq üçün çalışmalıdırlar. Böyük Çölün türklərə keçən ruhunun xüsusiyyətlərindən biri də heç vaxt geriyə baxmamaq, ancaq irəli getmək idi. O vaxt dünya böyük idi, indi isə balacadır. Ona görə də, indi irəliyə getmək üçün dayanmaq, keçmişi öyrənmək, təbliğ etmək lazımdır.

“Türklər döyüşçü olublar” demək reallığın çox cüzi hissəsidir. Türklər sadəcə doyüşçü olmayıblar, onlar böyük ordu mədəniyyəti yaradıblar. Bu isə döyüşçü olmaqdan qat-qat böyük anlayışdır. Dünyada hərb tarixini və ordu sistemini öyrənmək üçün mütləq türklərin tarixini öyrənmək lazımdır.

Türklər mədəniyyətin və sivilizasiyaların qoruyucusudurlar. Onlar tarixən idarə etdikləri torpaqların heç birində yerli mədəniyyətləri məhv etməyiblər. Əksinə, hifz edib, mənimsəyib və yayıblar. Tarixən türklər sivilzasiyaların inteqrasiyasında mərkəzi rol oynayıblar. Necə ki, Çinlə Avropanı "İpək yolu" ilə əlaqələndirirdilər, müasir dövrdə də Avropanın Şərqlə əlaqələndirilməsində əsas rol türklərin üzərinə düşəcək.

Bütün bunları bilmək, yadda saxlamaq, avrosentrizmin yaratdığı tarixi səhvləri, yanlış fikirləri tədricən aradan qaldırmaq üçün həmişə hər yerdə danışmaq, yazmaq lazımdır. Bu təkcə türklər üçün deyil, hamı üçün vacibdir. Başa düşməyin vaxtıdır ki, bəşər sivilizasiyası təkcə Qərbin yox, bütün dünyanın, o cümlədən, Avrasiyanın və onun ürəyindən çıxan millətin – türklərin nailiyyətlərinə əsaslanır.

  21 Noyabr 2022    Oxunub: 15748    Oxunma vaxtı: 39 dəq.

39 dəq.